“Naxçıvan Qaziləri” İctimai Birliyinin təşkilatçlığı ilə Naxçıvan Biznes Mərkəzində qazilərin məşğulluğunun artırılması, uyğun iş yerləri ilə təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər və görüləcək işlərlə bağlı tədbir keçirilib. Tədbirlə birliyin üzvləri ilə yanaşı, bir sıra dövlət və özəl qurumların rəhbər və məsul əməkdaşları iştirak edib.
Birliyin sədr müavini Əli Əlisoy tədbir iştirakçılarını salamlayaraq bildirib ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən təşkil edilən 2024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrdə Naxçıvan Dövlət Universitetinin əsas tərəfdaşı olduğu “Naxçıvan Qaziləri” İctimai Birliyinin “Naxçıvanda müharibə veteranları ilə iş” layihəsi qalib olub. Layihənin əsas məqsədlərindən biri də qazilərin peşə bacarıqlarını inkişaf etdirmək, onların yeni peşələr öyrənməsinə imkan yaratmaq, qazilərin uyğun iş yerləri ilə təmin edilməsi, məşğulluğunun artırılmasıdır.
Tədbirdə iştirak edən Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri səlahiyyətlərinin müvəqqəti icraçısı, nazir müavini, Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatının sədri Məcid Seyidov qeyd edib ki, dövlət gənclər siyasətinin əsas istiqamətlərindən biri də gənc nəslin vətənpər ruhda tərbiyəsidir. Nazirlik daim Vətən uğrunda canından, qanından keçən oğullarımızın şücaətini, vətənpərvərliyini gələcək nəsillərə ehtiva edən tədbirlər təşkil edir, müxtəlif layihələr həyata keçirir. Gənclərin iştirakı ilə şəhid ailələri, qazilər və əsgərlərlə müntəzəm görüşlər, hərbi-vətənpərvərlik oyunları, təlimlər, yaradıcılıq sərgiləri, şəhidlərimizin xatirəsinə həsr olunmuş idman yarışları keçirilir. Nazir müavini əlavə edib ki, şəhid və qazi övladları, o cümlədən qazilərin özləri üçün dövlət himayəsində olan idman obyektlərindən istifadə, məşq bölmələrində iştirak ödənişsizdir. “Sağlamlıq imkanları nəzərə alınmaqla qazilərimizin idmanla bağlı işgüzar və ya sosial fəaliyyətlərə cəlb olunmasına, onların bu sahədə karyera qurmasına zərurəti yarandığı təqdirdə, Gənclər və İdman Nazirliyi səlahiyyətləri daxilində dəstək göstərməkdən böyük şərəf və məmnunluq duyar” deyən Məcid Seyidov qazilərdən bu istiqamətdəki təkliflərinin dəyərləndirəcəyini vurğulayıb.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Fərid Bağırzadə, Naxçıvan Muxtar Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, nazir vəzifəsinin icraçısı Rahid Ələkbərli, Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini Tapdıq Əliyev, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev və digərləri qazilərə göstərilən dövlət dəstəyi, məşğulluq məsələləri və bu istiqamətdə görülən işlər barədə danışıb, təkliflərini diqqətə çatdırıblar.
Sonda qaziləri maraqlandıran suallar cavablandırılıb. Qarşılıqlı söhbət aparılıb.